Hamiləliyin təqibi və riskli hamiləliklər
Hamiləliyin hər həftəsi eyni nəzarəti tələb etmir. Təqib planını hamiləliyin gedişinə və mövcud risk amillərinə görə qururam.
Hamiləliyin təqibi — hamiləliyin ilk həftələrindən doğuşa qədər ananın və dölün vəziyyətinin müntəzəm müayinə, ultrasəs və laborator analizlərlə izlənməsidir. Məqsəd ağırlaşmaları — hipertoniya, preeklampsiya, dölün inkişaf geriliyi, erkən doğuş təhlükəsi — əlamətlər ağırlaşmadan əvvəl görməkdir.
Təqib nələri əhatə edir
- İlk qəbulda tarixçə. Əvvəlki hamiləliklər, doğuşlar, itkilər, əməliyyatlar, yanaşı xəstəliklər və qəbul etdiyiniz dərmanlar.
- Müntəzəm ultrasəs. Dölün inkişafının, ciftin və dölyanı mayenin qiymətləndirilməsi.
- Birinci trimestr skrininqi. İkili test, dölün ənsə qalınlığı (NT) və burun sümüyünün qiymətləndirilməsi. Ətraflı: İkili test və dölün skrininqi.
- Təzyiq və sidik. Arterial təzyiqin və sidikdə zülalın hər qəbulda izlənməsi.
- Laborator analizlər. Qan, dəmir göstəriciləri, qan qrupu və Rh, infeksiya skrininqi, qanda şəkər.
- Doğuş planı. Doğuş üsulunun birlikdə planlaşdırılması. Ətraflı: Təbii doğuş və keysəriyyə.
Hamiləlik hansı hallarda riskli sayılır?
Riskli hamiləlik xəstəlik deyil — daha sıx nəzarət tələb edən vəziyyətdir. Aşağıdakılar belə hallara aiddir:
- Əvvəlki hamiləliklərdə itki, inkişafdan qalmış hamiləlik və ya təkrarlanan düşüklər
- Antifosfolipid sindromu və qan laxtalanması ilə bağlı pozğunluqlar
- Ananın ürək xəstəliyi, şəkərli diabet, hipertoniya, tiroid pozğunluqları
- Əvvəlki hamiləlikdə preeklampsiya və ya ciftin vaxtından əvvəl qopması
- Uşaqlıqda çapıq — əvvəlki keysəriyyə və ya miomektomiya
- Dölün düzgün olmayan gəlişi, çoxdöllü hamiləlik
- Erkən doğuş təhlükəsi və dölyanı mayenin vaxtından əvvəl axması
- Ananın yaşının 35-dən yuxarı olması
Riskli hamiləlikdə nə dəyişir?
Təqib daha sıx olur, ultrasəs və doppler müayinələri əlavə olunur, təzyiq və analizlər daha tez-tez yoxlanılır, doğuş planı əvvəlcədən müzakirə edilir. Bəzi hallarda doğuşun vaxtından əvvəl aparılması lazım gələ bilər — bu qərar ananın və dölün o andakı vəziyyətinə görə verilir.
Vacib
"Şikayət yoxdur" hər zaman "risk yoxdur" demək deyil. Preeklampsiya kimi bəzi ağırlaşmalar özünü uzun müddət büruzə vermir və yalnız təzyiq ölçülməsi və analizlərlə aşkarlanır. Ətraflı: Preeklampsiya.
Nə vaxt təcili müraciət etməlisiniz?
- Şiddətli və keçməyən baş ağrısı, gözlərdə qaralma və ya işıqlanma
- Qarnın yuxarı hissəsində, sağ qabırğaaltı nahiyədə ağrı
- Əllərdə və üzdə qəfil yaranan ödem
- Qanaxma və ya suyun gəlməsi
- Dölün hərəkətlərinin azalması və ya dayanması
- Yüksək hərarət
Ən çox verilən suallar
Hamiləlik boyu neçə dəfə həkimə getmək lazımdır?
Sayı hamiləliyin gedişindən asılıdır. Problemsiz hamiləlikdə qəbullar adətən ayda bir dəfə başlayır və son həftələrdə sıxlaşır. Riskli hamiləlikdə bu qrafik fərdi olaraq qurulur.
Riskli hamiləlik mütləq keysəriyyə deməkdirmi?
Xeyr. Risk faktorunun olması özlüyündə doğuş üsulunu təyin etmir. Qərar hamiləliyin gedişinə, ananın və dölün vəziyyətinə görə verilir.
Əvvəlki hamiləliyim itkiylə nəticələnib. Bu dəfə nə fərqli olacaq?
İlk addım səbəbin araşdırılmasıdır — hormonal, immunoloji, anatomik və genetik amillər ayrıca qiymətləndirilir. Səbəbdən asılı olaraq təqib planı və lazım gəldikdə müalicə fərdi qurulur.
Hamiləliyi öyrənən kimi nə etməliyəm?
İlk qəbula yazılın. İlk müayinədə tarixçə götürülür, ultrasəs aparılır və analizlər planlaşdırılır. Erkən həftələrdə vaginal ultrasəs təhlükəsizdir və düşüyə səbəb olmur.
Əlaqəli səhifələr
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.
Yenilənib: · Müəllif: Dr. Vüsalə Rüstəmova
Hamiləliyinizi birlikdə aparaq
Baku Medical Plaza — Medilux filialı · Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı. Qəbul vaxtı WhatsApp və ya zəng vasitəsilə razılaşdırılır.